«Barbarian Art» qalereyası böyük
məmnuniyyətlə gənc azərbaycanlı
rəssam Aida
Mahmudovanın fərdi sərgisini təqdim edir
"Barbarian Art" qalereyası və kurator Sandra Nedvedskaya böyük məmnuniyyətlə gənc azərbaycanlı rəssam Aida Mahmudovanın fərdi sərgisini təqdim edirlər.
Müəllif ilk dəfədir ki, İsveçrədə "Daxili aləm" adlı ekspozisiyasını təqdim edir. Bu ekspozisiyanın əsasında ölkəmizin çoxəsrlik tarixi və rəssamın şəxsi təəssüratları vardır. "Daxili aləm" sərgisi insan yaddaşı və nostalji hisslərin təbiəti haqqında olan düşüncədir.
"YARAT!" Müasir İncəsənət Məkanından AzərTAc-a bildirmişlər ki, sərgi iyunun 9-dan iyulun 15-dək Sürix şəhərində, Limmatsrasse 275 ch-8005 ünvanında yerləşən "Barbarian Art Gallery"də ziyarətçilərin üzünə açıq olacaqdır. İyunun 8-də saat 18:00-da sərginin rəsmi açılışı olacaqdır.
Rəssam öz yaradıcılığında təkcə bir yerə bağlılığı deyil, həm də insanın emosional yaddaşı olan nostalgiya mövzusunu araşdırır. Müəllif yaddaş və itirilmiş keçmişin arasında olan zərif qarşılıqlı əlaqəni açıqlayır. Onun işlərində tarix ani həyat mozaikası kimi canlanır, dağınıq fraqmentlərə bənzəyir və bu aləmi anlamaq üçün şəxsi emosional narahatlığı yaşamaq və nadir hissiyyata malik olmaq lazımdır. Rəssamın baxış tərzi böyük həyat tablosunda şəxsi həyatı ayırır, işləri isə yaddaş təkamülünü izləyir, tamaşaçıların anlayacaqları dildə onların yaddaşını formalaşdıran təcrübə keçirmiş olur.
"Mənim incəsənətim - yaddaşımın fasiləsiz olaraq tədqiqidir, yaddaşım isə şəxsiyyətimin bir hissəsidir. Bu tədqiqatın mərkəzi və mənə daim ilham verən - Azərbaycanın atılmış, toxunulmayan, texniki tərəqqinin çox təsir etmədiyi regionlarıdır. Ətrafımızda olan fiziki dünya elə sürətlə dəyişikliyə uğrayır ki, xatirələr dumanlanır, şüurumuz isə xatirələri yeni bucaq altında sındıraraq sanki bizimlə məzələnir. Bu, şəxsiyyətin bütövlüyünü dağıdır. Göstərilən prosesdə regionlar və zonalar modernizasiyaya və urbanizasiyaya uğramır və nəticədə çatışmayan hissə kimi görünür. Onlar real keçmişi və bizim xəyalımızda olan keçmişi bir-birinə möhkəm yapışdıran nüvə kimi qalır. Onlar mənim şəxsiyyətimin canlı hüceyrələridir. Onlarda reallıq və uydurma, yaddaş və indiki zaman, şüur və şüuraltı aləm birləşmişdir. Fiziki olaraq bu və ya digər yerdə yaşayaraq, mən uşaqlıqda olduğum yerləri görmək imkanını qazanıram. Belə görüşlər indiki dövrdə keçmiş zamanın ştrixlərini tapmağa kömək edir. Ölkəmin keçmişi haqqında olan səhifələr, eyni zamanda, əbədi və keçicidir, həm universal, həm də məxsusidir. Şəxsiyyətimin və incəsənətimin bir hissəsi olan xatirələrimi fiziki formaya salmaq üçün onlara müraciət edirəm".
Gənc rəssam Aida Mahmudovanın işlərində boğuq ton üstünlük təşkil edir. Köhnə Bakıda və Abşeron yarımadası ərazisində təsvir edilən xəyali və real yerlər sanki bir pərdədən keçir. Bütöv kompozisiya yarı unudulmuş həyat fraqmentlərindən ibarətdir. Öz işləri ilə rəssam uzaqlaşan xatirələri tutub saxlamaq istəyir. Onun vizual düşüncəsi bizi zaman və məkan labirintinə aparır. Bu retrospeksiyalar öz başlanğıcını rəssama doğma olan Azərbaycan mədəniyyətindən götürür və rəssamın ölkədən xaricdə yaşadığı vaxtların təcrübəsi hesabına inkişaf edir.
Yüksək texnologiyalar və total urbanizasiya, kütləvi qloballaşma və miqrasiya dövründə rəssam bizə izah etmək istəyir ki, nostalji hiss əslində konkret yerə, yaxud xəritədə hər hansı əraziyə, ya da müəyyən kontekstə aid edilə bilməz, çünki nostalji hiss geniş duyğular çeşidini əhatə edir. Həmin duyğular çeşidində ətirlər, səslər və hisslər sadəcə keçmişin qəlpələridir.
Aida Mahmudova 1982-ci ildə
anadan olmuşdur. O, Londonda
Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəssamlıq fakültəsini bitirmişdir.
Hazırda müxtəlif istiqamətlərdə,
o cümlədən rəssamlıq,
fotoqrafiya və instalyasiya sahələrində
çalışır. Aida Mahmudova, həmçinin qeyri-hökumət təşkilatı
olan "YARAT" Müasir
İncəsənət Məkanının
qurucusu və rəhbəridir. Bakıda yerləşən bu təşkilatın əsas məqsədi müasir incəsənətin
Azərbaycanda və xaricdə dəstəklənməsi
və inkişafıdır.
Rəssamın
işləri Avropanın böyük sərgiləri çərçivəsində
Romada "MAXXİ Museum"da, Moskvada Multimedia İncəsənəti
Muzeyində və Filip de Pyuri Fondunun ekspozisiyaları çərçivəsində
Londonda təqdim edilmişdir.
Azərbaycan.-2013.- 8 iyun.- S.11.